О нас

 

Azərbaycan Respublikasının
Dövlət Dəniz Administrasiyasının
01 avqust 2011-ci il tarixli, S/04 nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının 
Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi (UMTİ/LRİT) haqqında

ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi (bundan sonra – “Milli Mərkəz”) Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (bundan sonra – “Administrasiya”) aparatına daxil olan aparıcı struktur bölməsidir.
1.2. Milli Mərkəzin əsas məqsədi Azərbaycan Respublikasının ərazi sularında gəmilərin və üzən vastələrin uzaq məsafədən müşahidə olunaraq izlənilməsi, onların hərəkətinin təhlükəsiz idarə olunmasına və dəniz üzgüçülüyünün təhlükəsizliyi qaydalarına rəayət olunmasına nəzarətin həyata keçirilməsidir.  
1.3. Milli Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının qoşulduğu dəniz nəqliyyatı sahəsi üzrə Beynəlxalq Konvensiyaları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Administrasiyanın Əsasnaməsini, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisinin (bundan sonra – “Administrasiyanın rəisi”) əmr və sərəncamlarını, bu Əsasnaməni və digər normativ-hüquqi aktları rəhbər tutur.
1.4. Milli Mərkəz öz fəaliyyətini Administrasiyanın digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə qurur.

II Milli Mərkəzin funksiyaları

 

2.0. Milli Mərkəzin funksiyaları aşağıdakılardır:

2.0.1. Azərbaycan Respublikasının ərazi sularında gəmilərin uzaq məsafədən izlənilməsi;
2.0.2. Azərbaycan Respublikasının ərazi sularında gəmilərin hərəkətinin idarə olunması;
2.0.3. Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyü qaydalarına nəzarət edilməsi.

III Milli Mərkəzin vəzifələri

3.0. Milli Mərkəzin əsas vəzifələri aşağıdakılardır:
3.0.1. Azərbaycan Respublikasının ərazi sularında gəmilərin və üzən vasitələrin uzaq məsafədən müşahidənin həyata keçirilməsini təmin etmək;
3.0.2. Azərbaycan Respublikasının ərazi sularında üzən gəmilərin təhlükəsiz hərəkətinin idarə olunmasını təmin etmək;
3.0.3. Azərbaycan Respublikasının ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyi və dəniz mühitinin qorunması qaydalarına nəzarət olunmasını təmin etmək; 
3.0.4. aidiyyəti dövlət orqanlarını qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda müvafiq məlumatlarla təmin etmək;
3.0.5. Azərbaycan Respublikasının ərazi sularında  gəmilərin üzmə rejiminə riayət edilməsinə nəzarətin həyata keçirilməsini təmin etmək;
3.0.6. qanunvericiliklə müəyyən edilmiş qaydada gəmilərə çağırış siqnallarının, gəmi radiostansiyasının fərdi çağırış nömrələrinin və gəmi peyk rabitə stansiyasının identifikasiya nömrələri daxil olmaqla, müvafiq sənədlərin verilməsi üçün zəruri tədbirlər görmək;
3.0.7. müəyyən edilmiş qaydada dəniz yollarında naviqasiya təminatına nəzarətin həyata keçirilməsini təmin etmək;
3.0.8. Azərbaycan Respublikasının Xəzər Dənizinin axtarış-xilasetmə məsul sektorunda dənizdə qəzaya uğramış insanların axtarışı və xilas edilməsi üçün Azərbaycan Respublikasının və xarici dövlətlərin dəniz və aviasiya qəza-xilasetmə xidmətləri tərəfindən zəruri tədbirlərin həyata keçirilməsində iştirak etmək;
3.0.9. gəmi və dəniz nəqliyyatının digər obyektləri ilə kriptoqrafik rabitənin təşkilində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək;
3.0.10. lövbər dayanacaqlarında gəmilərin vəziyyətlərinə nəzarət etmək;
3.0.11. gəmilərə naviqasiya, meteoroloji, əməliyyat və digər məlumatların ötürülməsini təmin etmək;
3.0.12. müvafiq ərazidə radiolokasiya müşahidəsini və ötürülməsini təmin etmək;
3.0.13. Azərbaycan Respublikasının ərazi sularında dəniz üzgüçülüyü və dəniz mühitinin qorunması qaydalarını pozan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;
3.0.14. Azərbaycan Respublikasının ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsində bələdçi xidmətinin fəaliyyətinə nəzarətin həyata keçirilməsini təmin etmək;
3.0.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
3.0.16. fəaliyyət sahəsinə dair hesabatlar hazırlayaraq Administrasiyanın rəisinə təqdim etmək; 
3.0.17. qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda gəmilərin mövqeləri barədə məlumat vermək;
3.0.18. Beynəlxalq Dəniz Təşkilatının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi sistemi və digər eyni adlı Mərkəzlərlə məlumat və təcrübə mübadiləsinin aparılmasını təmin etmək;
3.0.19. Milli Mərkəzin elektron bazasını formalaşdırmaq və müvafiq qaydada qorunmasını təmin etmək;
2.0.20. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV Milli Mərkəzin hüquqları

4.0. Milli Mərkəz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: 
4.0.1. bu Əsasnamə ilə müəyyən edilmiş funksiyaların həyata keçirilməsi üçün Administrasiyanın struktur bölmələrindən sənədlər və digər zəruri materiallar sorğu etmək;
4.0.2. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
4.0.3. Azərbaycan Respublikasının ərazi sularında gəmilərin üzmə rejiminin müəyyən edilməsi ilə əlaqədar təkliflə çıxış etmək;
4.0.4. dəniz üzgüçülüyünün təhlükəsizliyinə və ətraf mühitin qorunmasına dair tələblərin yerinə yetirilməməsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək;
4.0.5. gəmilərə dənizdə yaranmış təhlükəli vəziyyətlərdən çıxmaları üçün məsləhət və tövsiyələr vermək;   
4.0.6. gəmilərdən zəruri məlumatlar tələb etmək;
4.0.7. öz funksiyalarının həyata keçirilməsi ilə əlaqədar meteoroloji, naviqasiya, hidroqrafik və digər məlumatları əldə etmək;
4.0.8. gəmilərlə sahil xidmətləri arasında əlaqələndirmə üzrə yardım göstərmək; 
4.0.9. dəniz üzgüçülüyünün təhlükəsizliyini və ətraf mühitin qorunmasını təmin etmək məqsədilə müvafiq dövlət orqanları ilə operativ əlaqə yaratmaq;
4.0.10. zəruri hallarda gəmilərin hərəkətinin dayandırılmasına dair qərar qəbul etmək;
4.0.11. fəaliyyət sahəsinə dair tədbirlərdə iştirak etmək;
4.0.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Milli Mərkəzin fəaliyyətinin təşkili

5.1.  Milli Mərkəzə Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir.
5.2. Direktor Milli Mərkəzə həvalə edilmiş vəzifə və funksiyaların yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.3. Direktor aşağıdakı səlahiyyətlərə malikdir:
5.3.1. Milli Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir;
5.3.2. Milli Mərkəzin işçiləri arasında iş bölgüsünü müəyyənləşdirir;
5.3.3. Milli Mərkəzin səlahiyyətlərinə aid olan məsələlər üzrə Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirlərinin görülməsi haqqında Administrasiyanın rəisinə təqdimat verir;
5.3.4. işçilərin ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq təkliflər verir;
5.3.5. qanunvericiliyə və Administrasiyanın Əsasnaməsinə müvafiq olaraq digər məsələlərin həllini təmin edir.
5.4. Milli Mərkəzin fəaliyyəti qanunvericiliyin tələblərinə əməl olunmaqla növbəlilik əsasında təşkil edilir.
5.5. Milli Mərkəzin işçiləri Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.
5.6. Milli Mərkəzin işçiləri onlara tapşırılmış işlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.